Xınalıq kəndi Ümumdünya Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” elan edilib

17.10.2025 22:35 11 baxış sayı 3 dəq. oxuma Trend
Xınalıq kəndi Ümumdünya Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” elan edilib

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xınalıq kəndi BMT Turizm Təşkilatının (UN Tourism) nüfuzlu “Ən yaxşı turizm kəndləri” siyahısına daxil edilib. Bu qərar Çinin Hujou şəhərində keçirilən “Ən yaxşı turizm kəndləri 2025” mərasimi və üçüncü illik şəbəkə görüşünün yekununda açıqlandı. Proqramın əsas məqsədi kənd turizminin inkişafına mühüm töhfə verən, mədəni irsi qoruyan və dayanıqlıq nümayiş etdirən kəndləri üzə çıxarmaqdır. Müsabiqəyə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülmüşdü və uğur qazandı.


Bu tanınma Xınalığın yalnız milli deyil, beynəlxalq səviyyədə turizm və mədəni irs destinasiyası kimi qəbul edildiyini göstərir. Təşkilat qeyd edir ki, bu günə qədər dünyanın 60-a yaxın ölkəsindən 180 fərqli kənd bu statusu qazanıb. Azərbaycanın ən qədim yaşayış məskənlərindən birinin bu siyahıya ilk dəfə daxil olması sevindirici haldır. Mərasimdə mükafatı BMT Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili təqdim etdi. Mükafatı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli qəbul etdi.


Xınalıq kəndi beş min ildən çox tarixə malikdir və bəşər tarixindəki ən zəngin etnoqrafik dəyərlərdən biri sayılır. Kəndin unikal dəyərlərini qorumaq üçün dövlət tərəfindən ciddi addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü il 4 sentyabr tarixində “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradıldı, bu Qoruq Dövlət Turizm Agentliyinin tabeliyində işləyir. Bundan əlavə, 2023-cü il 18 sentyabr tarixində Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiya ərazisi UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ümumdünya İrs Siyahısına daxil edildi. Bu daxiletmə kəndin minillik tarixini və unikal yaşayış mühitini beynəlxalq miqyasda tanıtdı, həm də onun qorunması üçün xüsusi öhdəliklər yaratdı.


Dövlət Turizm Agentliyi Xınalığın mədəni və tarixi dəyərlərini qorumaqla yanaşı, yerli icmanın həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox layihə həyata keçirib. 2020-ci ildən başlayaraq kənddə 42 yaşayış evi bərpa olunub, 33 digər tikilinin bərpası üçün sənədləşmə prosesləri tamamlanıb. Turizm infrastrukturunun yenilənməsi işi də davam edir; kəndi ziyarət edən turistlər üçün avtodayanacaq və sanitar qovşaqlar tikilərək istifadəyə verilib. Bütün bərpa və abadlıq işlərinə kənd sakinləri fəal cəlb olunub. Bu proses yerli məşğulluq imkanlarının genişlənməsinə şərait yaradır. Xınalığın “Ən yaxşı turizm kəndi” statusunu qazanması kənddə yeni turizm xidmətlərinin yaranmasına və Azərbaycanın turizm potensialının dünyada daha geniş şəkildə tanıdılmasına böyük töhfə verəcək.


M
Turizm müxbiri

Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: