Yaşayış binalarında restoran və kafelər: təhlükəsizlik necə təmin olunur?

26.11.2025 04:37 11 baxış sayı 4 dəq. oxuma Trend
Yaşayış binalarında restoran və kafelər: təhlükəsizlik necə təmin olunur?

Azərbaycanda çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin iaşə obyekti kimi istifadəsi son illərin ən ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilib. Belə obyektlər həm sakinlərin gündəlik rahatlığına təsir göstərir, həm də təhlükəsizlik baxımından böyük risklər yaradır. Əsas risk mənbələrinə mətbəx avadanlıqları, qaz və elektrik qurğuları, yüksək temperaturla işləyən cihazlar daxildir. Həmçinin havalandırma sistemləri, tullantı və pis qoxu məsələləri, eləcə də gec saatlara qədər davam edən fəaliyyət bu obyektləri yaşayış məkanları üçün potensial təhlükə mənbəyinə çevirir.


Hüquqşünas Babək Həmidov bildirib ki, yaşayış binalarında qeyri-yaşayış sahələri yalnız aidiyyəti icra qurumunun təsdiqi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla nəzərdə tutula bilər. Bu cür sahələr fəaliyyət göstərəndə texniki-təhlükəsizlik, tikinti, epidemioloji və mülki müdafiə qaydalarına əməl etməlidir. Müxtəlif ictimai iaşə obyektləri təhlükəsizlik normalarını təmin etməklə işlərini təşkil edə bilərlər. Bu qaydalara əməl etmək fəaliyyəti həyata keçirən obyektin məsul şəxslərinin əsas borcudur. Qeyri-yaşayış sahəsində hər hansı təhlükəsizlik normalarının pozulması nəticəsində hadisə baş verərsə, səlahiyyətli şəxslərin və əraziyə nəzarəti həyata keçirən qurumların səhlənkarlığı araşdırılır. Hadisə nəticəsində xəsarət, ölüm və ya mülki obyektə ciddi zərər dəyməsi hallında məsul şəxslər cinayət və inzibati məsuliyyətə cəlb edilirlər.


Əmlak eksperti Elnur Azadov isə qeyd edir ki, Azərbaycanda inşaat normativləri mövcud olsa da, tikinti şirkətləri material istifadəsində qənaət etməyə çalışır. Bu isə bəzi inşaat materiallarının xüsusiyyətlərinə görə qüsurlu olmasına gətirib çıxarır. Ekspert yeni tikilən bəzi binaların elektrik şaxtalarında yanğın və tüstülənmə hallarının müşahidə edildiyini vurğulayıb. Hətta inşaat materialları standartlara cavab versə də, düzgün istismar çox önəmlidir. Çoxmənzilli binalar istismara qəbul edilərkən qüsurları olsa belə, inşaat materialları ilkin mərhələdə istifadəyə yararlı görünür və fəsad üzə çıxmır. Lakin zamanla xətlər həddən artıq istifadə edildikcə və aşındıqca qısa qapanma və yanğın riskləri artır. Ekspert bildirir ki, istismar müddətində ciddi sınaqlar aparılmazsa, sıradan çıxan detalları aşkar etmək mümkün olmur. Ölkədə təxminən 2500 çoxmənzilli bina var və onların 98%-də qanuni boşluqlar mövcuddur. Düzgün istismar və idarəetmənin olmaması bu riskləri birə-beş artırır.


Qanunla çoxmənzilli bina istismara qəbul edildikdən sonra müştərək cəmiyyətə çevrilməlidir, lakin ölkədə belə cəmiyyətlər cəmi 10%-i təşkil edir. Müştərək cəmiyyətlərdə belə qanunsuzluqlar olur. Qeyri-yaşayış sahələrinin idarə edilməsi müştərək cəmiyyətin və ya MTK-nın nizamnaməsi ilə formalaşdırılmalıdır. E. Azadovun sözlərinə görə, Azərbaycanda qeyri-yaşayış sahələri tikinti şirkətlərinə və ya tikinti sahiblərinə məxsus olur. Onlar həmin yerləri ya icarəyə verir, ya da birdəfəlik satırlar. Nəticədə, bu sahələrin istismarı və idarəsi sakinlərin marağında olmur. Əksər hallarda qeyri-yaşayış sahələrində layihədə planlananlardan əlavə işlər görülür. Belə olduqda bina normadan artıq yüklənir, bu da müəyyən müddətdən sonra binada texniki qəzaların baş verməsinə səbəb olur.


K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: