Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ermənistanın kapitulyasiya aktını imzalamasından beş il ötür

09.11.2025 20:04 5 baxış sayı 5 dəq. oxuma Metbuat
Ermənistanın kapitulyasiya aktını imzalamasından beş il ötür

Bu gün 2020-ci il İkinci Qarabağ müharibəsində məğlubiyyətini qəbul edən Ermənistanın kapitulyasiya aktını imzalamasından üç il ötür. İşğalçı ölkə tərəfindən məğlubiyyət aktını Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. 2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüşlərə başladı. Bu döyüşlərin məqsədi Ermənistan Silahlı Qüvvələrinin təxminən 30 il ərzində işğal altında saxladığı torpaqları azad etmək idi. Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına bütün cəbhəboyu istiqamətlərdə start verildi.


Müharibə dövründə Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqları hər gün kəndbəkənd, şəhərbəşəhər azad edirdi. Azərbaycanın əzəli torpaqlarını işğal edən və həmin torpaqlarda yaşayan azərbaycanlıları ata-baba yurdlarından didərgin salan düşmən döyüş meydanında məhv edildi. Sağ qalan silahlılar isə ərazilərimizdən qovuldu. Azərbaycan hərbçiləri hər gün yeni qələbələrə imza atırdı. Onlar erməni işğalçılarını məhv etməklə yanaşı, həm də düşməndən qənimət kimi ələ keçirdikləri hərbi texnika və silah-sursatları elə ermənilərin özlərinə qarşı istifadə etməyə başladılar. Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq düşməni lərzəyə gətirdi. Bu qəhrəmanlığın qarşısında duruş gətirə bilməyən erməni hərbçiləri təkcə döyüş meydanından deyil, eləcə də ordudan qaçmağa başladılar. Məhz bu səbəbdən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunda fərarilərin sayı on minlərlə oldu. Əməliyyatların başladığı ilk gündə bir neçə yaşayış məntəqəsinin işğaldan azad edilməsi düşmənin şəxsi heyəti arasında vahimə və qorxu yaratdı.


Cəmi 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu ərazilərə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi daxil idi. Həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi azad edildi. Azərbaycan Ordusunun noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməsi faktiki olaraq düşmənin məğlubiyyətinə səbəb oldu. Hərbi texnikasının və silah-sursatının tükəndiyini görən Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətini anladı və atəşkəslə bağlı sənədi imzalamağa razılıq verdi.


Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarıldı. Əvvəlcə üç ölkənin başçısı tərəfindən bəyanatın videokonfrans vasitəsilə imzalanması planlaşdırılsa da, Nikol Paşinyan üçtərəfli bəyanatı dünya ictimaiyyəti qarşısında imzalamaqdan imtina etdi. O, ölkəsinin kapitulyasiya aktına gizlincə imza atdı. Lakin Ermənistan imzaladığı sənəddəki öhdəliklərə əməl etmirdi. 10 noyabr 2020-ci ildəki bəyanatda Ermənistanın öz qüvvələrini Qarabağdan çıxarması tələbi açıq şəkildə göstərilmişdi. Buna baxmayaraq, Ermənistan təxminən üç il Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirdi. Həmin qanunsuz birləşmələr Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutur, ərazilərimizi minalayır və müxtəlif təxribatlar törədirdilər.


Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu bu il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu tədbirlər üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədi daşıyırdı. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və dinc əhalinin təhlükəsizliyinin təmin olunması hədəflənirdi. Əsas məqsəd Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi idi. 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində düşmənin mövqeləri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahlarla sıradan çıxarıldı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: