Kiberpolis qanunsuz onlayn qumar-kazino oyunları təşkil edən daha iki dəstəni ifşa etdi

25.11.2025 13:02 7 baxış sayı 3 dəq. oxuma Mia Gov
Kiberpolis qanunsuz onlayn qumar-kazino oyunları təşkil edən daha iki dəstəni ifşa etdi

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz qumar-kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir. Kiberpolisin keçirdiyi sonuncu əməliyyatlar nəticəsində qeyd edilən cinayət əməllərində şübhəli bilinən daha iki dəstə ifşa olundu. Bu əməliyyatlar zamanı Siyasət Rəcəbov, onun tanışı İslam Rzayev, həmçinin Şikar Əliyev, Rəsul Həşimov və onların rəhbərlik etdikləri dəstənin digər üzvləri - Həsən İtirov, Qoşqar Əlizadə, Kənan Osmanlı saxlanılıblar. Araşdırmalar göstərdi ki, adları çəkilən şəxslər müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc oyunlarının keçirildiyi "fastloto.com" və "chcplay.net" internet saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi qurublar. Onlar həmin səhifələrdə qumar oyunlarında iştirak hüququ verən onlayn link və kodlar alaraq virtual kassa qurğusu yaradıblar.


Dəstə üzvləri bu sistemi qurmaqla ölkə vətəndaşlarını hədəfə alırdı. Onlar sosial şəbəkələrdə "Batumi Kazino" və "Priz Kazino" kimi səhifələr açaraq onlayn ödənişlər müqabilində insanları qanunsuz kazino və mərc oyunlarına cəlb edirdilər. Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər ərazilərindəki ofis və mənzillərində axtarışlar aparıldı. Baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər aşkarlandı. Müəyyən edildi ki, dəstə üzvlərindən götürülən bank kartları ayrı-ayrı şəxslərdən pul köçürmələri qarşılığında alınıb. Bu kartlardan yalnız qanunsuz maliyyə əməliyyatlarında istifadə edilib.


Faktlarla bağlı KMBİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Qrupun əsas üzvləri S. Rəcəbov, İ. Rzayev, Ş. Əliyev və R. Həşimov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edildilər. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyi bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşa biləcəkləri qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyə çağırır. Bildirilir ki, bu cür oyunlara qoşulmaq kiberdələduzluq halları ilə üzləşməyə, bank hesablarındakı vəsaiti itirməyə səbəb ola bilər. Həmçinin, bu qanunsuz fəaliyyətlərdə iştiraka görə hüquqi məsuliyyətə cəlb edilmə ehtimalı da mövcuddur.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: