ABŞ-da etirazların yeni dalğası başlayır.
Etirazlara səbəb Luisvilldə afroamerikalı qadının polislər tərəfindən öldürülməsidir.
Sözügedən hadisə bu ilin mayın 13-də baş verib. Həmin vaxt polis əməkdaşları 26 yaşlı Breonna Teylorun evinə basqın ediblər.
Onlar narkotiklə mübarizə tədbirləri çərçivəsində qonşu evdə əməliyyat keçirsələr də, B.Teylorun da evində narkotik maddə ola biləcəyi barədə məlumat daxil olur.
B.Teylorun sevgilisi evə daxil olan şəxslərin oğurluq məqsədilə gəldiyini düşünüb və atəş açıb.
Cavab atəşi nəticəsində 26 yaşlı qız öldürülüb. Sonradan B.Teylorun ailəsi polis orqanını məhkəməyə verib.
Dünya ulduzları da B.Teylorun ailəsi ilə həmrəylik nümayiş etdirib və polislərin cəzalandırılmasını tələb ediblər. İyun ayında atəş açan polislərdən biri - Brett Henkinson işdən azad edilib.
Henkinson qonşuların həyat və sağlamlığına təhlükə və bir neçə digər bəndlər üzrə ittiham olunur, ancaq bu bəndlər arasında qətl maddəsi yoxdur. Digər iki polis isə ittiham olunmayıb.
Məhkəmənin bu qərarından sonra bölgədə yeni etiraz dalğası start götürüb.