“Balam mənlə sağollaşmadı, dedi qayıdacağam” - Videoreportaj
Azərbaycanın 30 ildir erməni işğalında olan torpaqlarını azad etmək uğrunda apardığı haqlı savaşda verdiyi şəhidlərdən biri də 21 yaşlı Hüseyn Quliyevdir.
Iki bacının bir qardaşı H.Quliyevin Gəncə şəhərində yaşayan ailəsi ilə görüşüb, evində reportaj hazırlayıblar.
Valideynləri danışır ki, uşaqlarlıqdan qapalı olmağı ilə seçilən Hüseyn kənardakılarla çox şeyi bölüşməyib. Evin tək oğlu və sonbeşiyi olması da onu bu ciddiliyindən ayıra bilməyib. Anası Gülxar Quliyeva deyir ki, oğlu elə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub:
“Onu əsgərliyə yola salanda Quranın altından keçdi. Dedim bəs Hüseyn mənlə görüşmürsən? Dedi, gələcəyəm də, ana.... Boyu da hündür idi, boyum da çatmadı ona. Elə yarımçıq qucaqladım".
Universitetdə fəal olan Hüseyni Bakıda yaşıdları arasında az qala, hər kəs tanıyıb. Bunu atası Həsən Quliyev də deyir:
“Bir dəfə BDU-ya getdim, hamı gəlib Hüseynlə salamlaşırdı. Deyirdim Hüseyn Bakıda hamı səni tanıyır ki? Deyirdi hə, ata, hamı məni tanıyır”.
Bu sözlərin ardından anası Gülxar xanım da “Yəqin ki, siz də Bakıda onu tanıyırdınız. Ola bilməz ki, tanımayasınız”, - deyə bizə sual edir.
Hüseyn bakalavr təhsilini bitirdikdən sonra BDU-nun magistratura pilləsinə də qəbul olur. Onun arzusu isə müstəntiq olmaq imiş.
Lakin atasının insult keçirməsi səbəbiylə hərbi xidmətə getmək qərarına gəlir. Arzusu isə bu olur ki, tezliklə hərbi xidməti bitirib işləsin, ailəsinə sahib çıxaraq onlara baxsın. Və yalnız bundan sonra təhsilini davam etdirsin. Buna görə də Hüseyn hərbi xidmət üçün tələsir və iyulda əsgərliyə yollanır.
Qürurlu şəhid anası bildirir ki, hələ Hüseynin bakalavr diplomunu BDU-dan götürə bilməyiblər.
Hüseyn Quliyev hərbi xidmətə Bakıdakı hərbi hissələrin birində başlayıb və rabitəçi olub. Ailəsi onunla sonuncu dəfə sentyabrın 20-də əlaqə saxlaya bilib. Bir həftə sonra isə Hüseyn əsgər yoldaşları ilə birlikdə döyüş zonasına yollanıb. Kəlbəcər istiqamətində döyüşlər zamanı, oktyabrın 3-də raket zərbəsi nəticəsində şəhid olub.
Anası oğlu ilə son danışığını belə xatırlayır: Həmişə danışanda az, qısa danışırdı. Bu dəfə dedi ki, ana, mənlə danışmaq istəmirsən? Nəsə elə bil, sözü var idi mənə...Sonra verdim atası ilə danışdı, ancaq nə demək istəyirdisə, demədi".
21 yaşlı Qəhrəmanımız Hüseyn Gəncədəki Şəhidlər Xiyabanında dəfn olunub.
Sağında və solundakı məzarlar isə Hüseyn anadan olmadan 6 il əvvəl-1993-cü ildə Birinci Qarabağ savaşında şəhadətə qovuşanlara məxsusdur. Onlardan biri Rauf Şahbazov elə təxminən Hüseynlə eyni yaşda-23 yaşında şəhid olub.
Rauf torpaqları işğaldan qorumaq, Hüseyn isə torpaqları işğaldan azad etmək yolunda canından keçdi. Onlar məhz illər sonra da belə yarımçıq həyat hekayələri yazılmasın deyə öz canları bahasına bu müqanişəyə son qoydular!
Oxşar xəbərlər
Cavid Qurbanov Xudayar Yusifzadəyə şeir həsr etdi
Son Xeberler
İlk qadın şəhidimizin ailəsindən -
Son Xeberler
"Kipr məsələsinin iki dövlətli həllindən başqa yol...
Son Xeberler
Komandir, mən onsuz da şəhid olacam, adımı yazmay...
Son Xeberler
“Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən”...
Son Xeberler
Könül Xasıyeva onu sevən məmurdan danışdı:
Şou Xəbər