04.11.2020 12:30
6
abunə
318
“Gələndə ölüm qorxusu var idi, sağaldı...” - Xəstəxanadan reportaj

Bakıda koronavirusa yoluxmuş xəstələr üçün ayrılmış mobul tipli xəstəxanalara hər gün təcili yardım avtomobili ilə yüzlərlə xəstə daxil olur. Həkimlər indiki məqamda əsgərlərimizin yanında olmaq istəsələr də, maska taxmayan, sosial məsafə saxlamayan, qaydalara biganə yanaşanların sayəsində xəstəxanada mübarizə aparmalı olurlar. 

AZTV belə modul tipli xəstəxanaların birinə baş çəkib, oradakı vəziyyətlə maraqlanıb. 

“Hazırda yaxşıyam, bura gələndə çox pis vəziyyətdə idim. Ölümlə üzbəüz idim. Həkimlərimizin sayəsində indi oturmağıma görə min dəfə şükür edirəm. Özüm yoluxub evdə ailəmi də yoluxdurmuşdum, indi ailə üzvərim də burada yatırlar”, - xəstəxanada müalicə alıb sağalan xəstələrdən biri bildirib. 

Xəstəxananın həkimi Cavid İsmayılovun sözlərinə görə, artıq xəstəni evə buraxmağa hazırlaşırlar: “Xəstə ilk gündən xəstəxanaya gələndə oksigenə bağlı idi və sözünü, cümləsini deyə bilməyəcək qədər ağır vəziyyətdə idi. Çox təngnəfəs idi, “COVID” xəstələri üçün tipik olan ajiotajda idi, onda ölüm qorxusu var idi. Ümumi vəziyyəti artıq yaxşıdır, evə getməyə hazırlaşır”. 

Həkimin sözlərinə görə, hazırda klinikada 988 xəstə müalicə olunur: “Bu gün 66 xəstə evə yola salınıb, 60 xəstəni qəbul etmişik. Yola saldığımız və qəbul elədiyimiz xəstələrin sayı ilə bağlı rəqəmlər gün ərzində çox artır. Klinik orta ağır xəstələrimizin sayı 739-dur. Bu o deməkdir ki, artıq klinikamıza qəbul edilən xəstələr, ümumiyyətlə, respublikada yoluxanlar xəstəxanaya daha gec, daha ağırlaşmış formalarda  müraciət edirlər. Bu da təbii ki, işimizin çətinləşməsinə gətirib çıxarır”. 

Xəstəxananın İntensiv terapiya və reanimasiya şöbəsində 103 xəstə var və onların 25-dən çoxu süni tənəffüs aparatına qoşulub. Modul tipli xəstəxanada mərkəzi monitoriq otağı fəaliyyət göstərir və buradan bütün xəstələrin vəziyyəti ilə bağlı məlumat almaq mümkündür. 

Xəstələrin yaşına gəlincə isə, həkim bildirib ki, müalicə alan 988 xəstədən 20 yaşdan aşağı xəstələrin sayı 15-dir. 20-45 yaş arası xəstə sayı isə 198-dir. 

Təəssüf ki, virusa yoluxanlar arasında tibb işçiləri də var: “Həkim kimi fəaliyyət göstərirdirm. 15 gündən sonra bu vəziyyətə düşdüm, özüm bura xəstə kimi gəldim. Çox təəssüf... Mən istəyərdim ki, həkim kimi xəstələrə kömək edim. Bu elə bir xəstəlikdir ki, bundan qurtarmaq üçün deyilən qaydalara riayət olunmalıdır”, - hazırda özünü yaxşı hiss edən həkim bildirib. 

Digər xəstə isə bura necə gəlidiyini belə xatırlamır: “5 gündür buradayam. İndi hazırda yaxşıyam, amma gələndə temperaturum olub, heç özüm də bilməmişəm məni necə gətiriblər”.

Xatırladaq ki, ötən gün Azərbaycanda yeni növ koronavirus infeksiyasına 1242  nəfər yoluxub.  551 nəfər müalicə alaraq evə sağalıb, 15 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 12484 nəfərdir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine