🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Gömrüklə bağlı qəbul edilən dəyişikliyə RƏSMİLƏRDƏN MÜNASİBƏT

25.08.2020 09:28 333 baxış sayı 15 dəq. oxuma
Gömrüklə bağlı qəbul edilən dəyişikliyə

Azərbaycanda şəxsi istifadə üçün xaricdən malların gətirilməsi qaydaları sərtləşdirildi.

Sentyabr ayından həm gətirilən məhsula tətbiq edilən güzəşt limiti kəskin azaldılır, həm də güzəştdən istifadə ayda bir dəfəyə endirilir.

Yeni qəbul edilmiş bu qaydalar heç də cəmiyyətdə birmənalı qarşılanmadı. Pandemiya dövründə kifayət qədər maddi sıxıntı yaşayanlar bir də bu yöndən sərt qaydalar ilə üzləşdi desək yanılmarıq. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, kifayət qədər ölkədə baha olan istər geyim istərsə də elektronika məhsullarının xaricdən gətirilməsi daha sərfəli olsa da indi yeni qaydalar onların da əlçatanlığını çətinləşdirir.

Bəs yeni qaydaların tətbiqinə zərurət necə yarandı?

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirdi ki, yeni qaydaların tətbiqində məqsəd qaçaqmalçılıq hallarının qarşısını almaqdır.

"Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb.

Müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu.

Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür. Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiyada Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur.

Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur.

Göstərilənləri, eləcə də beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişikliklər edilməsi zərurəti yaranıb.''

Natiq Axundov bildirdi ki, dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsinin təkmilləşdirilməklə büdcə daxilolmalarında da mühüm rol oynayacaqdır.

“Bəzi sosial şəbəkə istifadəçiləri edilən dəyişikliklərin guya inhisarçılığa şərait yaradacağına, elektron ticarətin inkişafına əngəl törədəcəyinə dair fikirlər irəli sürür, ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Birmənalı olaraq qeyd edirik ki, bu kimi fikirlərin heç bir əsası yoxdur, əksinə bu qərar bəzi inhisarçı qrupların qeyri-qanuni əməllərinin qarşısını almağa yönəlib ki, həmin insanların narazılığı da başa düşüləndir. ”

Bəs bu barədə rəsmilər nə düşünürlər?

Yeni qaydalar ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də münasibət bildirib.

 

''Dəyişiklik yerli istehsalı deyil, vətəndaşları 3-4 dəfə baha olan malı almağa məcbur etməklə, yalnız bir qrup böyük idxalçıları himayə etməyə yönəlib. Düşünürəm ki, sahə üzrə cavabdeh qurumlar olaraq onlar da bu məsələyə münasibət bildirməli və NK -nın adı çəkilən qərarına yenidən baxılmasına çalışmalıdırlar.''

İqtisadçı ekspert Günay Hüseynova bildirir ki, bu limitin aşağı salınması kiçik bizneslə məşğul olan sahibkarlar üçün heç də xoş olmayacaq.


''Covid-19 virusundan yetərincə sarsılan sahibkarlara birdə bu limit tətbiq olunarsa vəziyyət heç də ürək açan olmaz.Əsasən bu addımın əsas səbəbi odur ki, vətəndaşlar malları şəxsi istifadə üçün alındığını desələr də əsasən ölkəyə satılmaq üçün gətirilir. Bu isə bir növ vergidən yayınma hallarına səbəb olur.

Sahibkarın idxal etdiyi məhsulu şəxsi istehlak adıyla gətirib satması qaçaqmalçılıqdır. Lakin sahibkarlığın inkişafı üçün, həmçinin də iqtisadiyyatını inkişafı üçün bu limit artırılmalıdır.Gömrük qanunvericiliyə bu dəyişikliklərin edilməsi əksər hallarda daxili bazarı ,yerli sahibkarı qorumaq üçün nəzərdə tutulur .Lakin bu günkü vəziyyət hərkəsə məlumdur.Bələ bir halda Qanunvericiliyə yenidən baxılmalıdır.

Əgər güzəştlər tətbiq edilərsə,limit artırılarsa düşünürəmki sahibkar da maraqlı olar bu halda.

Onsuzda Covid-19 koronavirusdan dolayı yetərincə zərər çəkmiş sahibkara birdə bu limit tətbiq olsa ya müxtəlif sahələrin bağlanmasına səbəb olacaq ya da ki məhsullarda bahalaşmaya şərait yaradacaq.''

İqtisadçı-ekspert Rəşad Həsənov da indiki dövrdə pandemiya ilə bağlı tətbiq edilən karantin rejimində belə bir qərarın verilməsi heç də uğurlu hesab etmədiyini bildirib.

Onun sözlərinə görə, insanlar qiymət fərqinə bağlı olaraq öz ehtiyacları üçün malları əsasən qonşu ölkələrdən gətirir və ya alırdılar. Lakin yeni qərarın tətbiqi nəticəsində ailə həmin məhsula daha çox xərc çəkməli olacaq ki, bu da onun büdcəsinin daha da azalmasına səbəb ola bilər.

“Həmçinin, əgər əvvəlcə güzəşt tətbiq edilərkən ay ərzində hissə-hissə gətirilən malların məbləğləri toplanırdısa, yeni qərarla sadəcə bir dəfə güzəşt tətbiq edilir, yəni bir dəfə limitdən aşağı məbləğ olsa da artıq icazəniz "yanır". Məsələn, siz 50 dollarlıq məhsul gətirirsinizsə, artıq tətbiq olunan limitdən istifadə etmiş sayılırsınız. İkinci dəfə gətirilən 50 dollarlıq məhsul üçün artıq rüsum tətbiq ediləcək", - deyə ekspert bildirib.’’

Milli Məclisin deputatı Vahid Əhmədov isə bildirib ki, bu qərar sui-istifadə halları ilə əlaqədar verilsə də, onun yenə də araşdırılmasına ehtiyac var.


"Bizdə çoxlu vergidən yayınma halları var. Sui-istifadə halları çoxdur. Güzəştdən istifadə edib külli miqdarda mal gətirirlər. Xüsusilə də, yəqin ki, qərar ölkəyə gətirilən telefon və bir sıra digər məhsullarla əlaqədardır. Vergidən yayınma çox olub ki, belə addım atılıb. Dünya təcrübəsini də götürsək, güzəşt tətbiq edilən limit elə də çox deyil. Yəqin ki, müəyyən araşdırmalar aparıb, qərar veriblər. Amma düşünürəm ki, araşdırmağa ehtiyac var. Hələlik dəyişikliklə bağlı hər hansı təklifdən danışmaq tezdir. Yeni qərar 1-2 ay işləyəndən sonra dəyişikliklə bağlı fikir bildirmək olar", - deyə millət vəkili bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək.

Xatırladaq ki, qüvvədə olan Qaydalara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinəhər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1 500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1 000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilərdi.

Paylaş: