🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
7 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Fly.az
Fly.az
4 abunə

Mövsümü gəlsə də, Bakıda binalara istilik verilmir

17.11.2020 13:18 356 baxış sayı 3 dəq. oxuma
Mövsümü gəlsə də, Bakıda binalara istilik verilmir

Noyabrın 15-dən etibarən mərkəzləşdirilmiş istilik sistemi işə salınmalı olsa da, hələ də Bakının bəzi ərazilərində yerləşən binalara istilik verilməyib. Hava şəraitinin kifayət qədər soyuq keçməsini, bir tərəfdən də müxtəlif respirator infeksiyaların artdığını nəzərə alsaq, vəziyyətin nə qədər acınacaqlı olduğu ortaya çıxır.

Artıq Bakı sakinləri istilik problemi ilə əlaqədar kütləvi şəkildə “Azəristiliktəchizat” ASC-nin qapısını döyməyə başlayıblar. Əlləri hər yerdən üzülən insanlar qurumun qeyri-aktiv olan feysbuk hesabında ümid axtarırlar.

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yaşayan Almaz Yusifli hələ də istiliyin verilmədiyindən şikayətçidir:

“Elxan Həsənov küçəsində hələ də qazanxana işə salınmayıb. Qış qapıdadır, bu soyuqda bina evində necə isinək? Onsuz da, karantin insanları çətin vəziyyətə salıb, bir tərəfdən də bu dərd…”, - deyə sakin gileylənib.

Binəqədi sakini Elnarə Abdullayeva da Biləcəri qəsəbəsinə istiliyin verilmədiyini bildirib. Onun sözlərinə görə, şikayətlə bağlı nə “Çağrı mərkəzi”nə, nə də əlaqə nömrələrinə düşmək mümkün deyil.

Sakinlərin şikayətlərindən aydın olur ki, paytaxtın əksər rayonları eyni vəziyyətdədir. Xüsusən, Binəqədi, Yasamal, Nizami, Nərimanov, Suraxanı rayonlarından istiliklə bağlı xeyli sayda şikayət var.

Yaranmış problemlə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyevlə gün ərzində əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmədik. Həmçinin qurumun rayonlar üzrə İstilik Sistemləri İstismar Sahələrinin əlaqə nömrələri də ya işləmirdi, ya da telefonlara cavab vermirdi.

Xatırladaq ki, hazırda “Azəristiliktəchizat” ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir. Binalara istilik abunə haqqı əsasında verilir. İstiliyin verilib-verilməməsindən asılı olmayaraq, 15 noyabr-15 aprel tarixləri üçün ödəniş toplanır.

Paylaş: