Paşinyan xalqa yalvarandan sonra kişilər deyil, qadınlar cəbhəyə getdi
Bir aydan çoxdur işğal altında olan Qarabağ uğrunda aparılan hərbi əməliyyatlarda Azərbaycana məğlub olan Ermənistan döyüşlərə göndərməyə adam tapmadığından naümid halda yeni yollar axtarır.
Düşmən çarəsizlikdən qadınlardan ibarət dəstələr formalaşdıraraq cəbhəyə göndərməyə hazırlaşır. Hətta Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan öz feysbuk hesabında qadınların fotosunu paylaşaraq təlim keçdiklərini bildirib.
Artıq bu döyüşlərdəki məğlubiyyət Ermənistan cəmiyyətində miskinlik və xaos yaradıb. Erməni kişilər öləcəklərini bildikləri üçün döyüşə getməkdən imtina edirlər. Əsgər anaları Paşinyan əleyhinə mitinqlər keçirirlər. Cəbhəyə getməyənlər isə evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlardan görünür ki, Ermənistan Ordusunun diviziyaları döyüşə girməkdən imtina edərək mövqelərini tərk edirlər. Ön cəbhədə olan əsgərin qaçmaması üçün onların arxasında cəza taborları dayanır. Erməni hərbi polisi döyüşdən yüzlərlə şəxsi həbs edib, fərarilərin güllələndiyi ilə bağlı məlumatlar yayılır. Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib.
Təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.
Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib.
Görülən bütün cəza tədbirlərinə baxmayaraq Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi Dağlıq Qarabağa getməkdən imtina edənlərin qarşısını almaqda acizdir.
Artıq problemin böyüklüyü onları idarə edən şəxslərə də çatıb. Həm Paşinyan, həm də Araik Arutyunyan dəfələrlə xalqa müraciət edərək kömək istəyib. Bir neçə gün öncə müharibə ilə bağlı Ermənistan vətəndaşlarının ruh düşkünlüyünü açıq-aşkar etiraf edən separatçıların “rəhbər”i Araik Arutyunyan qələbə üçün duaya ehtiyacları olduğunu demişdi. O, “vətəndaşları” imkan daxilində cəbhəyə getməyə və bu qərardan geri dönməməyə çağırmışdı. Son günlər Ermənistan rəhbərliyi də bu cür videomüraciətlər yayaraq döyüşə getməyə hərbçi axtardığını dəfələrlə bəyan edib.
Belə ki, baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl rəsmi feysbuk hesabında açdığı canlı videomüraciət zamanı döyüşmək üçün az qala, xalqına yalvarıb. O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında könüllü dəstələr yaradılması üçün şəhər bələdiyyə sədrlərinə, kənd ağsaqqallarına, digər dövlət strukturlarının və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edib. Bununla yanaşı o, acizanə şəkildə Qarabağdan olan bütün iş adamlarını və tələbələri dərhal Xankəndinə qayıtmağa çağırıb.
Lakin Ermənistanda döyüş qabiliyyəti olan şəxslər bu çağırışa cavab vermədiyindən, ermənilər qadınlardan ibarət dəstələri cəbhə xəttinə göndərirlər. Qadın dəstələrinə keçirilən təlimlərin nə zaman nəticə verəcəyi, effektli olub-olmayacağı ilə bağlı sualın cavabı isə yəqin ki, məlumdur.
Oxşar xəbərlər
"Real" 2022-ci ilin ən yaxşı klubu seçildi
Bugun.az
Kişilər məişət zorakılığından daha çox əziyyət çək...
Bugun.az
Azərbaycanda qadınların pensiya yaşı artır
Son Xeberler
Paşinyan azsaylı tərəfdarlarının qarşısına çıxdı
Son Xeberler
Azərbaycanda koronavirusa əsasən qadınlar yoluxur...
Son Xeberler
Paşinyan Sarkisyanın evinə getdi -
Son Xeberler