🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

YAP beynəlxalq təşkilatlara müraciət edib

01.09.2020 17:26 390 baxış sayı 8 dəq. oxuma
YAP beynəlxalq təşkilatlara müraciət edib

Yeni Azərbaycan Partiyası (YAP) Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar və Livandan erməni ailələrinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına köçürülməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Müraciətin mətnini təqdim edir:

- Təxminən otuz ildir ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini - Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal altında saxlamaqdadır. Hərbi təcavüz siyasətinin davamı olaraq, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş mövqeyini ələ keçirmək üçün 2020-ci il iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca artilleriya və minaatanlardan istifadə etməklə silahlı təxribatlar həyata keçirib. Döyüşlər zamanı Ermənistan hərbi qüvvələri Azərbaycanın Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli və Əlibəyli kəndlərini də atəşə tutaraq qəsdən mülki obyektləri hədəf alıb. Nəticədə, aralarında yüksək rütbəli hərbçilər də olmaqla, 12 azərbaycanlı hərbçi, eləcə də 76 yaşlı bir mülki şəxs qətlə yetirilib, çoxsaylı yaralananlar olub, fərdi evlər və xəstəxanalar da daxil olmaqla, mülki obyektlərə ciddi ziyan dəyib.

Bu arada, dərin narahatlıqla o da qeyd edilməlidir ki, həmin günlərdə radikal erməni qrupları Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatına etiraz edən xaricdəki Azərbaycan icmalarının üzvlərinə, dinc azərbaycanlı nümayişçilərə, habelə respublikamızın bir neçə xarici ölkədəki diplomatik nümayəndəliklərinə qarşı zorakı əməllər törədiblər. Son erməni təxribatı işğal altındakı Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın ətraf rayonları ilə əlaqəli olmayan ərazidə, Cənub Qaz Dəhlizi də daxil olmaqla strateji regional enerji boru kəmərləri və nəqliyyat infrastrukturunun və Bakı-Tbilisi-Qars dəmir yolunun yaxınlığında törədilib.

Ermənistan, həmçinin açıq şəkildə qarşıdurmanın əhatəsini genişləndirməyə və həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsini yeni səviyyəyə qaldırmağa çalışıb. Bu məqsədlə toqquşmalardan dərhal sonra Yerevan üzvü olduğu hərbi-siyasi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib.

İyulun ortalarındakı gərgin döyüşlərdən sonra Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədindəki vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan ordusu Azərbaycan tərəfinə atəş açmaqda və vəziyyəti ağırlaşdıra biləcək təxribat xarakterli əməllər törətməkdə davam edir. Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupu Azərbaycanın Goranboy rayonu istiqamətində təxribat törətməyə çalışarkən həmin dəstənin komandiri Azərbaycan Ordusu tərəfindən ələ keçirilib.

Yerevan beynəlxalq öhdəliklərini açıq şəkildə pozmaqda davam edir və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması üçün hər fürsətdən istifadə edir. Ermənistan rəhbərliyi bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün bir fürsət kimi qiymətləndirib. Beləliklə, işğal olunmuş Azərbaycan ərazilərində qurulmuş separatçı rejimin lideri Livandan olan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib və Ermənistanın İctimai Radiosunun yaydığı xəbərə görə, artıq bir neçə livanlı erməni ailəsi bölgədə yerləşdirilib.

Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırma missiyalarının müvafiq hesabatlarında da əksini tapıb. Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması Ermənistanın “repatriasiya” və “humanitar yardım” adı altında ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın bu məsuliyyətsiz davranışını qınamağa və bu ölkə rəhbərliyindən dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət göstərərək, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı dörd qətnaməsini icra etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün xoşniyyətli danışıqlar aparmasını tələb etməyə çağırır. Azərbaycan münaqişənin bu çərçivədən kənar heç bir siyasi həll yolunu qəbul etmir və məhz bu anlayışa əsaslanaraq nizamlama prosesində iştirak edir.

Buna görə də beynəlxalq ictimaiyyətin Ermənistanı Azərbaycana qarşı təcavüz əməllərinə görə qınaması son dərəcə vacibdir. Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkarlıq və işğal siyasətini qətiyyətlə pisləməyincə və bu ölkənin təhlükəli qanunsuz hərəkətlərinə qarşı sərt tədbirlər görməyincə, bütün bölgə davamlı olaraq dağıdıcı silahlı qarşıdurmalara sürüklənmə riski ilə qarşılaşacaq”.

Paylaş: