🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda insanların boyu niyə qısalır?

04.11.2024 12:29 27 baxış sayı 5 dəq. oxuma
Azərbaycanda insanların boyu niyə qısalır?

Statistikaya əsasən, Azərbaycanda kişilərin orta boyu 170-171 sm, qadınlarda isə 165 sm-dir. Əvəllər isə bu rəqəm daha çox idi. Bəzi mütəxəssislər bunun səbəbini genetik olduğunu söyləsə də, bəzilər sosial problemlərlə əlaqələndirir.

Son illərdə insanların boyunun kiçilməsinin səbəbləri nədir? Doğrudanmı, insanların boyunun uzanmasına sosial problemlər təsir göstərir?

Sosioloq Əhməd Qəşəmoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu yetişməkdə olan nəsilin ən böyük problemlərindən biridir:

"Bu gün boyun qısalmasının əsas səbəblərindən biri sosial problemlərdir. Biz insanların inkişafı üzrə 4 istiqamətdə çalışmalıyıq. Onlardan biri fiziki, ikincisi bioloji sağlamlıq, üçüncüsü sosial problemlər, dördüncüsü isə insanların arzularına çatıb-çatmaması ilə bağlıdır. Son 10 ildə demək olar ki, bu məsələlər diqqətdən kənarda qalıb".

Sosioloq bu problemlərin həlli üçün dövlət proqramına ehtiyacın olduğunu önə çəkib:

"Bu proqramda yeniyetmələrin hərtərəfli inkişafı öz əksini tapmalıdır. Mənim bununla bağlı kitabım var: "Ömrün uğurlu bünövrəsi". Kitabda 6 yaşına kimi uşaqların təlim-tərbiyəsi, böyüməsi öz əksini tapıb. Hesab edirəm ki, bunlar azdır, gənc nəslin hərtərəfli inkişafı üçün dövlət proqramına ehtiyac var. Təəssüf ki, bu istiqamətdə işlər ürəkaçan deyil".

Həkim Aydın Əliyev isə Azərbaycanda insanların boyunun getdikcə qısalmasının səbəblərini açıqlayıb:

"Bu günlərdə boyu 150 sm olan 13 yaşlı uşağın sümüklərində böyümə zonalarının bağlandığını - sümük yaşının 18 olduğunu gördüm. Artıq boyunun bundan çox artmayacağını müşahidə etmək məni çox narahat etdi. Mentalitetimizin fəsadlarından biri də valideynlərin boyu qısadırsa övlad da qısa olmalıdır düşüncəsi və yanaşmasıdır. Düzdür, boy məsələsində genetik faktor var, ancaq müasir tibb imkan verirsə, niyə valideynləri qısa boylu olan uşaqların boyunu artırmayaq? Uşaqlarda boy hormonu-somatotropinin orqanizmdə maksimal ifrazı axşam saat 22:00-dan gecə saat 02:00-a qədərdir, bu saatlarda uşaq mütləq və mütləq yatmalıdır, yuxuda olmalıdır".

Həkim bu saatlarda oyaq olan uşaqların boy inkişafınn ləngidiyini vurğulayıb:

"Uşaq yatanda-horizontal-üfüqi vəziyyətdə olanda daha asan böyüyür, ayaqüstə olanda qravitasiya boy artımına mane olur. Uşaqları axşam ac yatızdırın, çünki yemək yeyəndə, xüsusən çörək-karbohidrat-şirniyyat yeyəndə orqanizmdə insulin ifrazı artır, bu isə boy hormonuna antoqonist-əks təsir edərək boy artımını əngəlləyir. Uşaqlar mümkün qədər zülal-ət, yumurta, meyvə-tərəvəz, vitaminli və kalsiumlu qidalar-süd məhsullarını daha çox yeməlidir. Vitamin D-nin qanda miqdarını tez-tez analizlə yoxlatdırın. Türk həkimlərin yaxşı deyimi var: "çocuklarınızı aç yatızdırın, ekmek yedirmeyin". Ölkəmizdə ət məhsullarının bahalaşması səbəbi ilə insanların zülal qəbulu azalıb, bu isə uşaqların boy artımına mənfi təsir edərək gələcəkdə insanlarımızın daha da qısa boylu olmasına gətirib çıxara bilər. Və sonda əgər 3-4-cü siniflərdə oxuyan övladınızın boyu sinif yoldaşlarından qısadırsa və ya pediatrlarda olan uşağın yaş-boy-çəki cədvəlinə görə azdırsa mütləq uşaq endokrinoloquna müraciət edin, səbəbi araşdırılsın. Mane olan səbəb vaxtında aradan qaldırılsın, gərəkərsə boy hormonu inyeksiyası təyin edilsin. Mütləq həkim təyinatı olmalıdır, əks halda ciddi fəsadlar yarana bilər ki, övladlarınızın boyu gələcəkdə qısa olmasın".

Həkim əlavə edib ki, isti-ekvatorial ərazilərdə olan uşaqlarda cinsi inkişaf erkən başladığına görə boy artımı da tez yekunlaşır:

"Ona görə deyirlər ki, qısa boy adamlar çoxbilmiş olur. Əksinə şimal yarımkürəsinə yaxın soyuq ərazilərdə cinsi inkişaf gec başladığına görə boy artımı daha gec yekunlaşır və insanlar daha uca boylu olur. Əslində uşaqların boyuna təsir edən qalxanvari-tiroid vəz funksiyası daxil daha çox səbəblər var. Mən bir neçəsini məlumat üçün qeyd etdim, daha çoxunu uşaq endokrinoloqları sizə deyəcək".

Paylaş: