Elektrik mühərrikli avtomobillərin ƏDV-yə cəlb edilməsi bazara necə təsir göstərəcək? - RƏY

06.11.2025 15:46 6 baxış sayı 3 dəq. oxuma Trend
Elektrik mühərrikli avtomobillərin ƏDV-yə cəlb edilməsi bazara necə təsir göstərəcək? - RƏY

Gələn ildən başlayaraq, elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı və satışı Əlavə Dəyər Vergisinə (ƏDV) cəlb ediləcək. Bu dəyişiklik avtomobil bazarında həm qiymət dinamikasına, həm də istehlakçı seçimlərinə təsir göstərə bilər. Ekspertlər qeyd edirlər ki, ƏDV-nin tətbiqi elektrik avtomobillərinin qiymətlərini artıracaq və nəticədə satış tempini bir qədər zəiflədə bilər.


Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, idxal edilən elektromobillərə ƏDV tətbiq olunarsa, təbii ki, bu nəqliyyat vasitələrinin qiymətində yüksəlmə olacaq. Bununla belə, o, elektromobillərə əlavə dəyər vergisinin tətbiq edilməsinin avtomobil bazarına ümumilikdə ciddi təsir etməyəcəyini düşünür. Ölkədə elektromobillərə maraq olsa da, populyarlıq dərəcəsi hələ yüksək deyil.


Bu vəziyyətin bəzi səbəbləri mövcuddur. Məsələn, hələki ölkədə enerji doldurma məntəqələrinin sayı azdır. Həmçinin bu növ avtomobillərin ehtiyat hissələri və təmir məsələlərində də müəyyən problemlər var. Ekspert vurğulayıb ki, gələn il Azərbaycanın avtomobil bazarında ümumi bahalaşma gözləniləndir.


Digər nəqliyyat eksperti Elməddin Muradlı isə deyib ki, ƏDV-dən azad olunmanın ləğvi elektrik avtomobillərinin və dolayı yolla digər avtomobillərin qiymətinə təsir edəcək. Elektrik və hibrid avtomobillər ölkəyə daha ucuz qiymətə gətirildiyi üçün onlara maraq daha çox idi. Bu ucuz qiymət ikinci əl avtomobil bazarında durğunluq yaratmışdı. Ekspert əlavə edib ki, güzəşt ləğv olunarsa, bu avtomobillərin qiymətində təxminən 15-20 faiz civarında artım müşahidə oluna bilər.


Ekspert qeyd edir ki, elektrik və hibrid avtomobillərə olan maraq çox zaman ekoloji səbəblərdən yox, dövlətin tətbiq etdiyi vergi güzəştlərinə görə yaranırdı. Yəni, insanların bu avtomobilləri alma səbəbi daha çox iqtisadi üstünlüklər idi. İndi qiymətlər arasındakı fərq azalacağı üçün, yəni elektrik və hibrid avtomobillərin qiyməti ənənəvi avtomobillərin qiymətinə yaxınlaşacağı üçün insanlar seçim zamanı artıq yalnız bu kateqoriyaya üstünlük verməyəcəklər. Eyni zamanda, bu dəyişiklik ənənəvi avtomobil bazarında da bir qədər canlanma yarada bilər. Bu canlanma onların qiymətinə də müəyyən təsir göstərəcək.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: