"İvanovka" ticarət obyektində kərə yağının saxtalaşdırıldığı aşkarlanıb

04.12.2025 10:46 9 baxış sayı 3 dəq. oxuma Trend
"İvanovka" ticarət obyektində kərə yağının saxtalaşdırıldığı aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakının Səbail rayonunda yerləşən "İvanovka" ticarət obyektində yoxlama aparıb. İstiqlaliyyət küçəsi, ev 49, mənzil 6 ünvanında yerləşən bu obyekt fiziki şəxs İsmayılov Vahid Cəmil oğluna məxsusdur. Satışa çıxarılan kərə yağlarından nümunələr götürülüb və laborator müayinələrə cəlb olunub.


Sınaqlar nəticəsində məhsulun tərkibində ciddi uyğunsuzluqlar olduğu müəyyən edilib. Kərə yağlarının tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu üzə çıxıb. Bu, məhsulun saxtalaşdırılması faktını təsdiqləyir. Yoxlama zamanı süd məhsullarının – seperator üsulu ilə alınmış yağ, əridilmiş yağ, kəsmik, xama və s. – müvafiq baytarlıq sənədlərinin və etiket məlumatlarının olmadığı aşkarlanıb. Bütün bu məhsullar isə kərə yağı adı altında satışa çıxarılırdı.


Sahibkar Vahid İsmayılov bildirib ki, süd məhsullarını daimi olaraq İsmayıllı rayonunun İvanovka kəndindəki müxtəlif fiziki şəxslərdən və rayon bazarından alırmış. Aşkar edilən saxta məhsullar dərhal satışdan kənarlaşdırılıb, toxunulmazlıq aktı tərtib olunaraq möhürlənib, saxlanca qoyulub. Təkrar laborator sınaqlar daha bir narahatedici məqamı ortaya qoydu: kərə yağı ilə yanaşı, kəsmik məhsulunun da tərkibi bitki yağı qarışığından ibarət idi. Bundan əlavə, kəsmikdə mikrobioloji uyğunsuzluq (E.coli) müəyyən edilib.


Bu faktlarla əlaqədar ticarət obyektinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Həmçinin, həmin obyektin bütün süd məhsullarının satışı qadağan olunub. Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən digər “İvanovka” ticarət obyektlərində, eləcə də İsmayıllı rayonunun İvanovka kəndində məhsul istehsalı və satışını həyata keçirən qida subyektlərində nəzarət tədbirləri görülür. Həmin yerlərdən götürülmüş yağ və kəsmik nümunələri Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

T
Əmək bazarı analitiki

Əmək bazarı, məşğulluq və əmək haqları mövzularında ixtisaslaşmışam. Əhalinin rifahı ilə bağlı məsələlər vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: