Moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması hansı zərurətdən yarandı? – RƏY

17.10.2025 13:15 8 baxış sayı 4 dəq. oxuma Trend
Moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması hansı zərurətdən yarandı? – RƏY

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur.


Bu dəyişiklik "Yol hərəkəti haqqında" qanun layihəsində öz əksini tapıb.


Sənəd həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində keçirilən iclasda müzakirəyə çıxarılıb.


Moped sürücülərindən sürücülük vəsiqəsi tələbi yollarda hərəkət axınına necə təsir edəcək?


Mövzu ilə bağlı açıqlama verən nəqliyat eksperti Elməddin Muradlı bildirib ki, moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb edilməsi məsələsinin konkretləşəcəyi əvvəldən bəlli idi. Moped sürücüləri dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadılar. Əksinə, onlar daha şiddətli və kobud qayda pozuntularına yol verdilər.


"Nəticə olaraq da aidiyyəti qurumlar bu istiqamətdə qanun layihəsinin hazırlanmasını zəruri hesab etdilər. Burada üç əsas variant var. Birincisi moped sürücülərinə sürücülük vəsiqəsinin verilməsi, ikincisi mopedin dövlət qeydiyyatına alınmasıdır. Nəhayət, üçüncü variant mopedə dövlət nömrə nişanının verilməsidir,” o deyib.


Ekspert qeyd edib ki, sürücülük vəsiqəsi tələbi olduqda moped sürücüləri daha kobud qayda pozuntularına yol verməyəcəklər. Son illərin göstəriciləri mopedin dəfələrlə piyadalara xəsarət yetirməsi, hətta ölümünə səbəb olması hallarının baş verdiyini göstərir.


E.Muradlı vurğulayıb ki, sosial şəbəkələrdə mopedlərlə bağlı xoşagəlməz və təhlükəli trendlərə şahid oluruq. Moped sürücülərinin əksəriyyəti küçələrdə şou-menliklə məşğuldurlar.


“Respublikanın hər yerindən moped və motosikllarla bağlı şikayətlər gəlir. Mopedlərlə bağlı qanun qəbul edildikdə dövlət qeydiyyatına alınma prosesi, vəsiqə üçün imtahan verilməsi kimi məsələlərdən yayınmaq üçün bir çoxları mopedlərdən imtina edəcəklər. Qanunauyğun davranan şəxslər isə tələblərə uyğunlaşaraq yenə də mopeddən normal nəqliyyat vasitəsi kimi istifadə etməyə cəhd göstərəcəklər,” ekspert əlavə edib.


Nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlamasında bildirib ki, Azərbaycanda moped sürənlərin sayının ciddi artması ilə yanaşı, bu nəqliyyat vasitəsi sürücüləri haqqında şikayətlər də çoxalır. Məhz bu şikayətlərin artması moped sürücülərinin hərəkətinin nizama salınması məqsədilə sürücülük vəsiqəsi tələb olunmasına zəmin yaratdı.


“Şəhərdə fərqli hərəkət iştirakçıları var. Bunlara piyada (sürəti 5km), mikromobillik-velosiped, skuter (sürəti 25km-dək), moped (50-60 km və daha yuxarı) və digər nəqliyyat vasitələri daxildir. Mopedlərdən həmçinin yükdaşımada da istifadə edilir,” o qeyd edib.


Ekspert vurğulayıb ki, həmin yük qabaritlərinin normadan çox olması da yeni bir təhlükə yaradır. Yeni qaydalar həm sürücülük vəsiqəsinin, həm də mopedlə daşınacaq yükün qabaritlərinin formalaşması ilə bağlı tələbləri əhatə edir.


R.Ağamirzəyev əlavə edib ki, tələblərə əməl edənlər moped idarə edə biləcəklər və bu da nizamlı hərəkətə səbəb olacaq.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: