"Xalisa faciəsində 11 soydaşımız işgəncələrlə öldürülüb" - Qərbi Azərbaycan Xronikası

05.12.2025 19:58 6 baxış sayı 5 dəq. oxuma Report
"Xalisa faciəsində 11 soydaşımız işgəncələrlə öldürülüb" - Qərbi Azərbaycan Xronikası

Baku TV-də yayımlanan Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun hazırladığı "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı yayımlanıb. "Ananın qucağında 2 aylıq körpə vəhşicəsinə öldürülüb" adlı bu veriliş Vedibasar mahalı, Vedi rayonunun Xalisa kəndindən olan Pərvanə Vəliyevanın həyat hekayəsinə həsr edilib. Pərvanə Vəliyeva Bakıda doğulsa da, ata-anasının, baba və nənəsinin Qərbi Azərbaycandan olduğunu və 1988-ci il noyabrın 30-da deportasiyaya məruz qaldıqlarını bildirib. O, 1988-ci ildə baş vermiş Xalisa faciəsinin acı detallarını danışıb. Həmin vaxt insanları amansızlıqla, işgəncələr verərək kənddən çıxarıblar. Xalisa Vedibasar mahalında yerləşən 145 kənddən yalnız biri idi. Kəndin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub, yalnız 1918-1920-ci illərdə buraya 12 erməni ailəsi köçürülmüşdü. Tarixdə azərbaycanlılar dörd dəfə deportasiyaya məruz qalıblar.


Pərvanə Vəliyeva 1987-ci ildən kəndlərdə əhalinin incitdikləri üçün köçün başladığını qeyd edib. 1988-ci ilin mart ayında isə erməni birləşmələri kəndə daxil olublar və əhalini çıxmağa məcbur ediblər. Onun babası ailəsini Naxçıvanın Sədərək rayonuna aparıb. Vəziyyət nisbətən sabitləşəndən sonra onlar yenidən kəndə qayıtsalar da, bir müddət sonra vəziyyət qəfil pisləşib. Rus əsgərləri kəndi qorumağa gəlsə də, ermənilər güllə ata-ata kəndin bütün giriş-çıxışlarını bağlayıblar. Ailə böyük çətinliklə Şidli kəndinə gəlib. O zaman bir erməni kənd camaatını inandırıb geri qaytarıb. Geri dönəndə azərbaycanlıların evlərinin xaçla işarələndiyini görüblər. Qısa müddət sonra ermənilər evlərə hücum edib, insanların qızıl əşyalarını, pullarını əllərindən alıblar.


Vəliyeva ailəsinin yaşadığı zorakılıq halları barədə də məlumat verib. O, ermənilərin 70 yaşlı nənəsinin pulunu aldığını, onu yerə yıxaraq təpiklədiklərini və sonra yük maşınına atdıqlarını söyləyib. Anası noyabrın soyuğunda bir yaşlı qardaşını qucağında adi paltarda kənddən çıxarmağa məcbur olub, yolda uşaq pnevmaniya xəstəliyinə tutulmuşdu. Daşnaklar “miyatsun” çağırışları edir, camaatı daşlayırdılar. İnsanlar yük maşınlarının içində gizlənirdilər. Maşın erməni kəndlərində saxlanılır, yorğan-döşəkdə olan yüklər şişlə yoxlanılırdı. Xalisa faciəsində 11 nəfər işgəncələrlə öldürülüb. Hətta 2 aylıq körpə anasının qucağında işgəncə ilə həlak olmuşdu. Döyülənlərin əksəriyyəti köçdən sonra dünyasını dəyişib, bəziləri isə Bakıya gəldikdən sonra Vətən həsrətinə dözməyərək vəfat ediblər.


Pərvanə Vəliyeva baba-nənə, ata-anasının daim torpaq həsrəti ilə yaşadığını qeyd edib. Evdə hər zaman İrəvanın, kəndlərinin söhbətləri, xatirələr danışılırdı. O, gənc yaşında dünyasını dəyişən atasının arzularını həyata keçirmək, o torpaqları görmək və əcdadlarının Xalisadakı qəbirlərini ziyarət etmək istədiyini deyib. Bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda doğma yurda qayıtmaq arzusunu göstərir. Qərbi Azərbaycan Xronikası layihəsi tarixi qədim torpaqlarımızın adının yaşamasını, azərbaycanlıların deportasiyaya məruz qalmasını, həmçinin həmin ərazilərdə mövcud olmuş mədəniyyət nümunələrinin üzə çıxarılmasını və bu ərazinin təmiz Oğuz-Türk məskənləri olduğunu dünya ictimaiyyətinə çatdırmağı hədəfliyir. Layihə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliği baxımından böyük əhəmiyyət daşıyır.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: