Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanda internetin sürəti qaneedicidir? - TƏHLİL

23.11.2025 18:04 4 baxış sayı 4 dəq. oxuma Metbuat
Azərbaycanda internetin sürəti qaneedicidir? - TƏHLİL

Azərbaycanda internet xidmətlərinin inkişafı son illərdə dövlətin və ictimaiyyətin diqqət mərkəzindədir. Sürətin və keyfiyyətin yüksəldilməsi ilə bağlı daimi tələblər formalaşır, xüsusən də bölgələrdə vəziyyət fərqli qiymətləndirilir. İKT üzrə mütəxəssis Elvin Abbasovun fikrincə, Azərbaycanda internetin sürəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və qaneedici səviyyəyə yaxınlaşır. O bildirir ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində aparılan genişzolaqlı infrastrukturun yenilənməsi nəticəsində ölkə üzrə orta sürət 84,82 Mbit/s-dən yuxarıdır. Bu, rəqəmsal xidmətlərin inkişafına real töhfə verir. Fiber-optik şəbəkənin əhatə dairəsi sürətlə genişlənir, həm ev istifadəçilərinin, həm də biznes sektorunun internet təcrübəsi əhəmiyyətli şəkildə yaxşılaşıb. Mütəxəssis daha yüksək sürətlərə çatmaq üçün infrastrukturun tam fiberə keçidi, son mil seqmentində modernizasiyanın yekunlaşdırılması və regionlarda fiber-optik xətlərinin daha geniş yayılması kimi addımları vacib sayır. Eyni zamanda provayderlər arasında rəqabətin artırılması və beynəlxalq trafik tutumunun artırılması gecikməni minimuma endirən amillərdir.


Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə isə bu mövzuya bir qədər fərqli yanaşır. O, sürət artımlarına baxmayaraq, internetin mövcud reallıq və istifadəçi tələbləri fonunda hələ də tam qaneedici olmadığını düşünür. Mövsümzadə qeyd edir ki, böyük şəhərlərlə bölgələr arasında həm sürət, həm də keyfiyyət baxımından nəzərəçarpan fərqlər qalmaqdadır. Rəqəmsal xidmətlərin, videokonfransların və onlayn biznes fəaliyyətinin sürətlə inkişaf etdiyi bir dövrdə daha stabil və yüksək sürətli internet bağlantısı strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, daha sürətli və təhlükəsiz internet üçün bir sıra təkmilləşdirmələrə ehtiyac var. Əsas addım fiberoptik infrastrukturun genişləndirilməsi, xüsusilə də bölgələrdə köhnə mis xətlərin tamamilə fiberlə əvəzlənməsidir.


Daha yaxşı internet təminatı üçün texnoloji modernləşdirmələr tələb olunur. Ekspertlər "backbone" şəbəkələrinin modernləşdirilməsinin, yəni mərkəzi marşrutların və beynəlxalq çıxış kanallarının genişləndirilməsinin sıxlıq zamanı yüklənmələrin qarşısını almağa imkan verəcəyini düşünürlər. Məlumat mübadiləsi mərkəzlərinin inkişaf etdirilməsi də mühüm məsələdir; lokal trafikin ölkə daxilində yönləndirilməsi həm gecikməni azaldır, həm də xarici kanallara düşən yükü yüngülləşdirir. Provayderlərin avadanlıqlarının yenilənməsi, köhnə DSL xətləri və zəif router infrastrukturu kimi maneələrin aradan qaldırılması üçün müasir GPON və XGS-PON texnologiyalarına keçid vacib hesab edilir. Mobil internetin dayanıqlığını artırmaq üçün isə 5G və mikro-hüceyrə şəbəkələrinin regionlarda qurulması inkişaf istiqamətlərindəndir. Mütəxəssis vurğulayır ki, sadəcə sürətli internet kifayət deyil, eyni zamanda kiber təhlükəsizliyin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. DDOS hücumlarına qarşı müdafiə və insidentlərə operativ reaksiya mexanizmləri paralel şəkildə inkişaf etdirilməlidir. İnfrastruktur yenilənməsi davam edərsə, yaxın illərdə internet sürətində daha ciddi irəliləyişlər müşahidə edilə bilər.


T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: