🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Əl-Cəzirə”nin ermənilərin Füzulidəki vandalizmi barədə reportajı - VİDEO

20.11.2020 13:42 412 baxış sayı 4 dəq. oxuma
“Əl-Cəzirə”nin ermənilərin Füzulidəki vandalizmi barədə reportajı -

İşğaldan azad edilmiş Füzuli şəhərinə səfər edərək orada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır fəsadları ilə tanış olan xarici jurnalistlər arasında “Əl-Cəzirə” kanalının müxbiri də olub.

Kanal ermənilərin Füzuli şəhərində törətdikləri vəhşiliklərlə bağlı reportaj yayımlayıb.

Reportajda qeyd edilir ki, Füzuli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və şəhər demək olar bütünlüklə xarabalığa çevrilib. On minlərlə Füzuli sakini məcburi köçkünə çevrilmişdi.
Reportajda Füzuli sakinlərinin bir neçəsinin fikirlərinə də yer verilib. Onlar evlərinin, məscidlərinin ermənilər tərəfindən dağıdıldığını bildirirlər. Qeyd edilir ki, Füzulidəki ən qədim binalardan biri də 100-dən çox yaşı olan teatr binası idi. İndi həmin bina tanınmaz haldadır.

Reportajda Ermənistanın Azərbaycana qarşı ağ fosfor tərkibli silahlardan istifadə etməsindən də bəhs olunur. Qeyd edilir ki, fosfor tərkibli silah insan orqanizmində ciddi fəsadlar yaradan və istifadəsi qadağan edilmiş silahdır. Azərbaycan rəsmiləri Ermənistanın bu silahdan mülki əhaliyə qarşı istifadə etdiyini bildirib.

Diqqətə çatdırılır ki, Füzulidəki Qorqan postunda yeraltı bunkerlər və səngərlər yerləşib. Geri çəkilməyə məcbur olan Ermənistan silahlı qüvvələri silah-sursatlarını burada qoyub.

Reportajda qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə artıq quruculuq işlərinə başlanıldığını bildirib. Füzulidən Şuşaya çəkiləcək yolun tikinti işlərinə başlanılıb. Dövlət başçısı ermənilərin törətdikləri əməllərə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklərini qeyd edib.

Müxbir deyir ki, bu şəhərdəki dağıntılara baxanda burada vaxtilə on minlərlə insanın yaşadığını təsəvvürə gətirmək çox çətindir. Bu gün həmin sakinlər öz rayonlarına qayıtmağa hazırdırlar.

Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri də yer alıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan vandalizm və insanlığa qarşı müharibə cinayəti əməllərinə görə məsuliyyət daşıyır. Bu ərazilərdə qiymətləndirmə aparıldıqdan sonra Azərbaycan müvafiq beynəlxalq təsisatlara, məhkəmələrə müraciət edəcək.

 

Paylaş: