Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həftəsonu Bakı şəhərindən, eləcə də, sərtləşdirilmiş karantin rejimi elan edilən digər şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən hotellərdə, gündəlik kirayə evlərdə keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq gələn şəxslərin həmin yerlərdə istirahət etdiyi məlum olub.
Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirsələr də, xüsusi karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və qaydaları pozduqları izah olunub. Həmçinin, nəqliyyat vasitələri də yoxlanış məqsədilə saxlanılıb. Bəzi sürücü və sərnişinlərin də qaydaları pozaraq, istirahət məqsədilə rayona gəldiyi məlum olub.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.